
Tacikistan, Özbəkistan və Qazaxıstan liderləri Əfqanıstanla sərhəddəki gərgin vəziyyəti müzakirə ediblər

Tacikistan Prezidenti Emomali Rəhmon Özbəkistanın və Qazaxıstanın dövlət başçıları Şavkat Mirziyoyevə və Kasım-Jomart Tokayevə telefonla zəng edərək Əfqanıstanla sərhəddə, şimal və şimal-şərq istiqamətində yaranan gərginliyi və qonşu ölkədəki hərbi-siyasi vəziyyəti müzakirə edib.
Telefon danışıqları zamanı “Taliban” terror təşkilatı ilə mübarizədə səylərin əlaqələndirilməsi, regional təhlükəsizliyin və sərhədlərin möhkəmləndirilməsi, bu ölkələrin güc strukturları və təhlükəsizlik orqanları arasında informasiya mübadiləsinin genişləndirilməsi, birgə fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunub.
Bu danışıqların fonunda Fərqanə şəhərində Əfqanıstanda vəziyyətin gərginləşməsi ilə əlaqədar Özbəkistan, Qırğızıstan və Tacikistanın hüquq-mühafizə orqanları rəhbərlərinin görüşü keçirilib, bu istiqamətdə görüləcək işlər müzakirə olunub.
Görüşün sonunda əməkdaşlıq barədə protokol imzalanıb.