
Mayya qəbiləsinin “PUL AĞACLARI” OLAN MÜQƏDDƏS BAĞLAR aşkar edildi… – FOTO
Onlarda meyvələri pul vahidi kimi istifadə olunan bitkilər yetişdirilirdi
Tədqiqatçılar mayyaların kakao ağacları yetişdirdiyi qədim müqəddəs bağların yerini aşkar ediblər. Şokolad ağacının meyvələri bu gün də qiymətlidir. Mayyalar isə, ümumiyyətlə, kakao paxlasını “tanrıların hədiyyəsi” hesab edirdilər və hətta o qədər qiymətli sayırdılar ki, kakao pul vahidi kimi istifadə olunurdu.
Moderator.az Phys.org portalına istinadla xəbər verir ki, Yukatan yarımadasının şimalında kakao istehsalı mayya başçıları tərəfindən diqqətlə idarə olunurdu. Şokolad ağacları yalnız müqəddəs bağlarda yetişdirilirdi, onların yeri uzun müddət naməlum qalmışdı.
Yalnız bu yaxınlarda Briqam Yanq Universitetinin (ABŞ) alimlərinin rəhbərlik etdiyi ABŞ və Meksikadan olan mütəxəssislər mayyaların kakao yetişdirdiyi yerləri müəyyən edə biliblər. Onlar karst çuxurlarının yaxınlığında yerləşirlər. Məhz burada rütubət, kölgə və temperaturun birləşməsi şokolad ağaclarının böyüməsi üçün ideal şərait yaradır. Ümumiyyətlə, Yukatan yarımadasının quru iqlimi kakao becərilməsi üçün əlverişsizdir.
Tədqiqatçılar 11 karst çuxurunu tədqiq edib və onların doqquzunda kakaoya xas olan biomarkerləri birləşdirən teobromin və kofein izlərini tapıblar. Bir neçə çuxurda panduslar, qurbangahlar, saxsı qablar və digər artefaktlar aşkar edilmişdir.
“Mərasim artefaktlarını tapmaq bizi heyran etdi. Tələbələrim çuxurların birinə enərək: “Vau! Burada tikili var!” dedilər. Bu, daş pilləkən idi“, – deyə tədqiqatçılardan biri Riçard Terri söyləyib.
Mayya sivilizasiyasının qədim mərkəzi olan Koba şəhəri (Meksika) yaxınlığındakı çuxurda tədqiqatçılar bir qabda buhur və heykəlcik parçaları, həmçinin bir neçə keramik kakao çubuqları tapıblar. Yaxınlıqda isə şokolad ağaclarının qalıqları aşkar olunub. Tədqiqatçılar hesab edirlər ki, bu yer mayyaların təxminən eramızın 1000-1400-cü illərində istifadə etdiyi müqəddəs bağlardan biri olub.
Qeyd edək ki, qədim mayyalar heç vaxt sikkələri pul kimi istifadə etməyiblər. Bunun əvəzinə, bir çox erkən sivilizasiyalar kimi onlar da tütün, qarğıdalı və paltar kimi əşyalarla mübadilə aparırdılar. Tapılan freskalar mayyaların kakaodan pul kimi istifadə etdiklərinə dəlalət edir. Belə bir mübadilənin ən erkən təsviri 7-ci əsrin ortalarına aiddir.
Miraslan