
Ermənilər Kəlbəcərin bu kəndindən Tərtərin qonşu kəndinə asfalt yol çəkir…-FOTOLAR
Azərbaycan Respublikası Kəlbəcər rayonunun “Artek” adlandırılmış Həsənriz kəndindəki ermənilər tərəfindən kənddaxili yollar asflatlanır.

Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər kəndin qanunsuz “icma rəhbəri” Vardan Qriqoryana istinadla məlumat yayıb.
“Torpaq işləri bir ay əvvəl və asfaltlanma prosesi isə 5 iyulda başlanıb. Artıq yolun təxminən 1 kilometri asfaltlanıb. İş iki mərhələdə aparılacaq. Birinci mərhələdə kənd məktəbinə aparan yolun, ikinci mərhələdə isə Aterk-Zaqlik yolunun asfaltlanması planlaşdırılır. Haterk-Zaqlik yolunda qazıntı işləri artıq başlayıb" –deyə V.Qriqoryan bildirib.
“İcma rəhbəri”nin sözlərinə görə, hazırda Kəlbəcərin bu kəndində 1600 erməni yaşayır. 44 günlük müharibədən sonra Həsənrizə Azərbaycan ordusunun nəzarətinə keçmiş əraziılərdən 26 erməni ailəsi köçürülüb. Hazırda kənddə 100-dən çox yeni ailə yerləşdirmək imkanı var.

V. Qriqoryan deyir ki, Həsənrizdəki erməni kəndlilərin əsas məşğulluq sahələri heyvandarlıq, əkinçilik, arıçılıq və tərəvəz yetişdirməkdir. Kənddə ermənilərin çalışdığı 26 hektara yaxın kartof sahəsi var. Eyni zamanda ərazidə 5 kiçik su elektrik stansiyası vardır ki, bəzi kəndlilər də orada işləyirlər.

Xatırladaq ki, Moderator.az dünən – iyulun 6-da Rusiya sülhməramlı kontingentinin xüsusi təyinatlı tibbi hissəsinin hərbi həkimlərinin Həsənriz kəndindəki ermənilər üçün humanitar-tibbi aksiya təşkil etməsi haqda da məlumat verib(bax://moderator.az/qarabagh/384501/rusiya-herbcileri-kelbecerin-1600-ermeninin-yasadii-kendinde-200-neferi-muayine-etdi-fotolar/ ).
Sultan Laçın